Avropa Komissiyası (AK) Rusiyaya qarşı 20-ci sanksiya paketinin Aİ səfirlərinə təqdimatını ikinci dəfə təxirə salıb. Euractiv-in diplomatlara istinadən verdiyi məlumata görə, sənədlərin çərşənbə günü təqdim edilməsi nəzərdə tutulurdu.
Diplomatların fikrincə, gecikmə Aİ-nin ABŞ-ı dəniz gəmiçiliyi ilə bağlı sanksiyalara qoşulmağa razı salmaq cəhdləri ilə əlaqəli ola bilər. Brüsselin tədbirləri cümə günü təqdim edəcəyini və Aİ paytaxtları tərəfindən təsdiqin 24 fevrala planlaşdırıldığını ehtimal edən mənbələr bildiriblər ki, sanksiyalar sözdə kölgə donanmasının dəniz xidmətlərinə tamamilə qadağa qoyulmasını, eləcə də lüks malların ixracına və Rusiya gübrələrinin idxalına daha sərt məhdudiyyətləri əhatə edə bilər.
Xatırladaq ki, daha öncə Bloomberg Aİ-nin üzv dövlətlərə Rusiyadan platin, mis, iridium və rodium almağı qadağan etmək niyyətində olduğunu və bunun 20-ci sanksiya paketində öz əksini tapacağını bildirmişdi.
Avropa Komissiyası 20-ci paketi 24 fevrala qədər təsdiqləməyi planlaşdırdığını bildirmiş, lakin onun məzmunu barədə şərh verməmişdi.
SAMİRƏ