ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranın siyasi idarəetmə sistemini sərt tənqid edərək bildirib ki, ölkədə real qərarlar prezident tərəfindən deyil, yalnız ali rəhbər tərəfindən verilir. "İranda qərarları verən şəxs ali rəhbərdir. Prezident əslində heç bir əhəmiyyət kəsb etmir. Xarici işlər naziri də məhz ali rəhbərlə danışır və biz əsasən onunla ünsiyyət qururuq", – deyə o bildirib. Vitse-prezident vurğulayıb ki, bu model diplomatik əlaqələri son dərəcə çətinləşdirir. Onun sözlərinə görə, rəsmi və şəffaf idarəetmə mexanizminin olmaması danışıqlar prosesini "absurd vəziyyətə" salır. Vence ABŞ prezidenti Donald Trampın digər dünya liderləri ilə birbaşa əlaqə qura bildiyini xatırladaraq İranla müqayisə aparıb: "Tramp telefonu götürüb Putinə və ya Siyə zəng edə bilər. Hətta düşmən münasibətlərimiz olan ölkələrin rəhbərləri ilə də birbaşa danışmaq mümkündür. Ancaq İranın prezidenti ilə danışa bilməməyimiz qəribədir". Məlumatı Azad İran Teleqram kanalı yayıb.
İradə SARIYEVA