Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (Yeni START) ləğvi qlobal təhlükəsizliyə təhdid yaradıb. Dünya "qorxulu qeyri-müəyyənliyə" daxil olur.
Bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.
"Yarım əsrdən çox müddət ərzində ilk dəfə olaraq, dünyanın nüvə silahlarının böyük əksəriyyətinə sahib olan iki dövlətin - Rusiya və ABŞ-ın strateji nüvə arsenallarına heç bir məcburi məhdudiyyət qoyulmayan bir dünya ilə qarşılaşırıq. Bu, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi bir təhdiddir", - deyə o, BMT-nin saytında dərc edilən çıxışında bildirib.
Baş katib xatırladıb ki, Soyuq Müharibədən bəri mövcud olan silahlara nəzarət sistemi fəlakətlərin qarşısını almağa, sabitliyi təmin etməyə və ölümcül səhv hesablamalar riskini azaltmağa kömək edib.
Qeyd edək ki, Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (Yeni START) rəsmi olaraq 5 fevralda müddəti bitib. Yəni bu o deməkdir ki, yarım əsrdən çox müddət ərzində ilk dəfə olaraq Rusiya və ABŞ arasında strateji nüvə arsenallarına heç bir hüquqi məhdudiyyət qoyulmayacaq. SAMİRƏ