Məşhur çeçen müxalifətçisi Mənsur Mövlayev siyasi sığınacaq istədiyi Qazaxıstan hakimiyyətindən imtina cavabı alıb. Az əvvəl Rusiyanın hüquq orqanları Mövlayevin təslim edilməsi tələbi ilə Qazaxıstana müraciət edib.
Məlumat üçün deyək ki, Mənsur Mövlayev Ramzan Kadırova qarşı qatı müxalifətçi kimi tanınır. Elə bu üzdən bir neçə il əvvəl onu narkotik istifadəçisi ittihamı ilə həbsə atıblar. İttihamın sırf siyasi xarakterini göstərən fakt odur ki, Mövlayev həbsdən qaçaraq Qırğızıstana, sonra isə Qazaxıstana keçib.
Narkoman deyilən bir şəxsin həbsdən qaçaraq iki dövlətin sərhədlərini keçə bilməsi inandırıcı gəlmir.
Müşahidəçilər deyir ki, onu Rusiyada ölüm cəzasına məhkum edə bilərlər. Bütün hallarda Ramzan Kadırovun onu salamat buraxmayacağı deyilir. Bu günlərdə Mövlayev Qazaxıstan prezidenti Tokayevə onu Rusiyaya təslim etməmək xahişi ilə müraciət edib: "Mənim qətlimə şərik olmayın"...
Görək, cənab Tokayev "qətlə şərik olacaqmı?"...
Namiq Quliyev