Yaxın Şərqdə artan gərginlik fonunda Tehran hakimiyyəti təxminən 2,5 milyon insanı yerləşdirmək üçün nəzərdə tutulmuş yeraltı sığınacaq sistemi hazırlayır.
CNN-in xəbərinə görə, bu barədə İran paytaxtının Böhran Vəziyyətlərinin İdarə Edilməsi Təşkilatının rəhbəri Əli Nəsiri bildirib.
O deyib ki, hazırda dayanacaqlar və digər mühəndislik qurğuları da daxil olmaqla 300-dən çox yeraltı obyektdə, eləcə də Tehranın 82 metro stansiyasında hazırlıq işləri aparılır. Bütün texniki prosedurlar başa çatdıqdan və lazımi icazələr alındıqdan sonra bu obyektlər mülki müdafiə sisteminə inteqrasiya olunacaq. Sığınacaq 2,5 milyon nəfər üçün nəzərdə tutulub.
Qeyd edək ki, son günlər ölkə ətrafında artan gərginlik fonunda İran rəsmiləri dəfələrlə ölkənin kritik infrastruktur və böyük şəhərlər üçün mümkün təhdidlər də daxil olmaqla müxtəlif ssenarilərə hazır olduğunu bildiriblər.
Tehran 9 milyondan çox əhalisi olan regionun ən sıx məskunlaşmış metropollarından biri olaraq qalır. Metro stansiyalarının və yeraltı tikililərin sığınacaq kimi istifadəsi əvvəllər hakimiyyət orqanları tərəfindən fövqəladə hallarda mülki əhalini qorumaq strategiyasının bir hissəsi kimi nəzərdən keçirilib.
SAMİRƏ