İranda eyni gündə dörd fərqli şəhərdə baş verən güclü partlayışlar ölkədə böyük səs-küyə səbəb olub. Tehran, Bəndər Abbas, Qum və Əhvazdakı hadisələr təhlükəsizliklə bağlı narahatlıqları artırıb və partlayışların eyni gündə, ard-arda baş verməsi ciddi suallar doğurub.
Ən ciddi ziyan Hormozqan əyalətinin Bəndər Abbas şəhərində baş verib. Səkkiz mərtəbəli binada baş verən partlayış iki mərtəbənin çökməsinə səbəb olub və yaxınlıqdakı nəqliyyat vasitələrinə və müəssisələrə ziyan vurub. Hadisədən sonra SEPAH Dəniz Qüvvələri komandirinin hədəf alındığı iddiaları ortaya atılıb. İran İnqilab Keşikçiləri Baş Qərargahı isə heç bir komandirin hədəf alınmadığını və partlayışın qaz sızmasından qaynaqlandığını açıqlayıb.
Rəsmilər ilkin məlumatlarda dörd nəfərin öldüyünü və on nəfərin yaralandığını bildiriblər, lakin bu rəqəmlər rəsmi olaraq təsdiqlənməyib. Partlayışın dəqiq səbəbi ilə bağlı araşdırma davam edir.
Paytaxt Tehranda da partlayış baş verib. Hakimiyyət orqanları bu hadisədən itki və ya ziyan barədə məlumat verməyib. Tehran partlayışı ilə digər şəhərlərdə baş verən hadisələr arasında əlaqə müəyyən edilməyib. Tehran yaxınlığındakı Qumda baş verən başqa bir partlayışın maddi ziyana səbəb olduğu bildirilir.
Xuzistan əyalətinin paytaxtı Əhvazın hakimiyyət orqanları isə dörd mənzilli binada baş verən partlayışın qaz sızması nəticəsində baş verdiyini bildiriblər. Onlar eyni ailənin dörd üzvünün öldüyünü bildiriblər.
Partlayışlardan sonra konkret hədəflərə qarşı hücumlarla bağlı xəbərlər yayılmağa başlasa da, İran rəsmiləri hadisələrin bir-biri ilə əlaqəli olmadığını və koordinasiyalı hücumun ehtimalının az olduğunu bildiriblər.
Partlayışlardan sonra xarici müdaxilə iddiaları ortaya çıxsa da, İsrail rəsmiləri “Reuters” agentliyinə bildiriblər ki, İrandakı partlayışlarla heç bir əlaqələri yoxdur.
TAHİR