ABŞ prezidenti Donald Trampın son açıqlamalarında tez-tez hərbi gəmilərlə təhdid etdiyi İrana müdaxilə edib-etməyəcəyi hələ də bəlli olmasa da, Amerika mətbuatından sensasion bir iddia ortaya atılıb.
“Drop Site” xəbər platformasının mənbələrə istinadən verdiyi məlumata görə, Tramp bazar günü İrana hücum əmri verəcək.
Bildirilir ki, ABŞ administrasiyası həmçinin Yaxın Şərqdəki əsas müttəfiqini bazar günü səhər İrana mümkün hücum barədə məlumatlandırıb. "ABŞ ordusu Yaxın Şərqdəki əsas müttəfiqinə İrana hücuma hazırlaşmaq üçün təlimat verib" – deyə məlumatda bildirilir.
Xəbərdə hücumun əsas məqsədinin İranda rejim dəyişikliyi olduğu və planlaşdırılan hədəflərin nüvə obyektləri, ballistik raketlər və hərbi bazalar olduğu göstərilir.
ABŞ mənbələrinə görə, Vaşinqton administrasiyası İrana hücumun ardından İran xalqının yendən etirazlara qalxacağını və sonda rejimin dəyişə bləcəyini proqnozlaşdırır.
Həmçinin qeyd edilir ki, Tramp hərbi hədəflərlə yanaşı, İran hökumətinin devrilməsini sürətləndirmək üçün yüksək vəzifəli İran liderlərinə hücumları da nəzərdən keçirir.
Keçmiş yüksək vəzifəli kəşfiyyat rəsmisi bildirib ki, ABŞ-ın İrana müdaxiləsini ən çox İsrailin Baş naziri Benyamin Netanyahu istəyir.
Qeyd edək ki, bundan əvvəl İran və ABŞ arasındakı gərginliyi dəyərləndirən Tramp yenidən İranı hərbi gəmilərlə hədələyib: "Hazırda İrana çoxlu gəmi göndəririk. Ümid edirəm ki, razılaşma əldə edə bilərik. Əgər razılaşma əldə etsək, bu yaxşı olar, etməsək, nə olacağını görəcəyik".
TAHİR