Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "European Pravda" qəzetinə verdiyi müsahibədə bildirib ki, müharibəyə son qoymaq üçün danışıqlar iki ayrı müqavilənin imzalanması ilə mümkündür. Onun sözlərinə görə, müqavilənin biri ABŞ və Ukrayna, digəri isə ABŞ və Rusiya arasında imzalanmalıdır.
Sibiqa deyib ki, bu mərhələdə Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün birbaşa müqavilənin imzalanması müzakirə olunmur.
Ukrayna XİN rəhbəri deyib ki, danışıqlarda iki "həssas məsələ" həll olunmayıb: ərazi məsələləri və Zaporojye Atom Elektrik Stansiyasının statusu. Sibiqa vurğulayıb ki, bu məsələləri həll etmək üçün Vladimir Zelenski Vladimir Putinlə şəxsən görüşməyə hazırdır.
Maraqlıdır ki, belə bir vaxtda Birləşmiş Ərəb Əmirliyinin vəliəhd şahzadəsi Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan Moskvaya səfər edəcək və Vladimir Putinlə danışıqlar aparacaq.
Xatırladaq ki, Məhəmməd bin Zayed Əl Nəhyan ötən həftə Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynadan nümayəndə heyətlərini qəbul edib. BƏƏ hakimiyyət orqanlarının məlumatına görə, görüşlər "müsbət" və "konstruktiv" atmosferdə baş tutub və nizamlanma istiqamətində mühüm addım olub. Bu üçtərəfli görüşün dərhal ardından vəliəhd şahzadənin Rusiya prezidenti ilə ayrıca görüşü maraq doğurur.
SAMİRƏ