ABŞ administrasiyasının Ukrayna qarşısında, təhlükəsizlik zəmanətləri qarşılığında Donbas üzərində nəzarətin Rusiyaya verməsi şərtini irəli sürdüyü iddia edilir.
“Financial Times” qəzetinin danışıqlardan xəbərdar olan səkkiz mənbəyə istinadən verdiyi məlumata görə, Vaşinqton Kiyevə sülh müqaviləsinin imzalanması və Donbasın Rusiyaya verilməsi barədə mesaj çatdırıb.
Eyni zamanda qeyd edilir ki, Ukraynanın, nəzarəti altında olan Donbas bölgəsindən qoşunlarını çıxaracağı təqdirdə, sülh dövründə Ukrayna Silahlı Qüvvələrinə daha çox silah verilə biləcəyi nəzərdə tutulur.
ABŞ tərəfindən təklif edilən təhlükəsizlik zəmanətlərinin NATO-nun kollektiv müdafiə bəndinə bənzər elementləri əhatə edə biləcəyi qeyd edilir. Bu zəmanətlərin Kiyev üçün çox qeyri-müəyyən, Moskva üçün çox geniş ola biləcəyi vurğulanır.
Ukrayna rəsmiləri isə Vaşinqtonun konkret və məcburi zəmanətlər vermədən ərazi güzəştləri gözlədiyini və bunu qəbuledilməz adlandırıblar. Həmçinin bildirilib ki, Zelenski Davosda Trampla görüşündə ərazi güzəştlərini rədd edib və bundan sonra zəmanət mətninin yenidən nəzərdən keçirilməsinə qərar verilib.
Lakin Ağ Ev iddiaları təkzib edir. Vitse-prezidentin sözçüsü Anna Kelli “Financial Times” qəzetinin xəbərini "tamamilə əsassız" adlandırıb və Əbu-Dabidə keçirilən üçtərəfli görüşdən sonra sülh prosesinin sağlam şəkildə irəlilədiyini bildirib.
TAHİR