İran Qərb ölkələri tərəfindən tətbiq edilən maliyyə sanksiyalarından yayınmaq üçün müdafiə sənayesi məhsullarının ixracı üçün ödəniş üsulu kimi kriptovalyutanı qəbul etməyə hazırlaşır. “Financial Times” qəzetinin məlumatına görə, ölkənin hərbi ixracatına cavabdeh olan Mindex kimi tanınan Müdafiə Nazirliyinin İxrac Mərkəzi silah satışı üçün rəqəmsal aktivlərlə ödəniş seçimini gündəmə gətirib.
Təqdimat sənədlərinə və ödəniş şərtlərinə görə, Mindex kriptovalyutadan əlavə barter və İran rialı ilə ödəniş modellərini də təklif edir. Ekspertlər bildirirlər ki, bu yeni yanaşma dövlət qurumunun strateji hərbi məhsulların ixracı üçün ödəniş üsulu kimi kriptovalyutanı qəbul etməsinə dair yeganə nümunədir.
Dövlətə bağlı qurum olan Mindex hazırda 35 ölkə ilə aktiv müştəri münasibətləri olduğunu bildirir. Onun məhsul portfelinə Emad ballistik raketləri, Şahid sinifli pilotsuz uçuş aparatları, Şahid Süleymani sinifli döyüş gəmiləri və qısa mənzilli hava hücumundan müdafiə sistemləri daxildir. Müxtəlif kiçik silahlar, raketlər və gəmi əleyhinə kruiz raketləri də satış siyahısında yer alır.
Qərb ölkələri və Birləşmiş Millətlər Təşkilatının hesabatları göstərir ki, bəzi silahlar Yaxın Şərqdə İran tərəfindən dəstəklənən silahlı qruplar tərəfindən istifadə olunur. Bu vəziyyət Tehranın müdafiə ixracının regional təhlükəsizliyə təsiri ilə bağlı narahatlıqları da artırır.
Mütəxəssislərin fikrincə, İranın kriptovalyuta əsaslı addımı beynəlxalq sanksiyalar altında müdafiə sənayesi ixracını davam etdirmək və alternativ maliyyələşdirmə kanalları yaratmaq strategiyasının bir hissəsidir. Kriptovalyutanın təklif etdiyi nisbi anonimlik və uzaqdan əməliyyatların aparılması Tehran tərəfindən sanksiyaları aşmaq üçün vacib bir vasitə kimi görülür.
Bütün bunların fonunda, İran alimləri və nüvə mütəxəssisləri 2025-ci ilin noyabr ayında gizli şəkildə ikinci dəfə Rusiyaya səfər ediblər. ABŞ-ın fikrincə, bu, nüvə silahlarının hazırlanmasında istifadə edilə bilən məxfi texnologiyaların əldə edilməsi cəhdi olub. Ancaq istisna edilmir ki, bu səfər Moskvanın yaxın müttəfiqi İranın yeni ixrac modeli ilə bağlı olub.
TAHİR