Ukrayna Hərbi Kəşfiyyat İdarəsi (HUR) Rusiyaya qarşı gizli əməliyyatın detallarını paylaşıb. İddia edilir ki, Rusiyadan "saxta sui-qəsd" iddiası ilə yüz minlərlə dollar alınıb.
Məlumatlara görə, əməliyyatın mərkəzində Ukrayna tərəfində Rusiyaya qarşı döyüşən Rusiya Könüllü Korpusunun (RDK) lideri Denis Kapustin olub.
“The Guardian” qəzetinin məlumatına görə, RDK dekabrın 27-də liderləri Kapustinin Zaporojye bölgəsində Rusiyanın pilotsuz təyyarə hücumunda öldüyünü elan edib və qisas alacaqlarını bəyan edib.
Lakin yanvarın 1-də gözlənilməz bir hadisə baş verib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov Kapustinin ölmədiyini, sağ olduğunu elan edib.
Budanov Kapustinin ölümü ilə bağlı xəbərlərin qurama olduğunu və əməliyyatın Rusiya kəşfiyyatı daxilində sui-qəsd planlayanların kimliyini ortaya çıxarmaq üçün diqqətlə planlaşdırılmış bir əməliyyat olduğunu deyib. İddialara görə, əməliyyatın əsas hədəflərindən biri də Moskvanın Kapustinin başına qoyduğu 500 min dollar mükafatı almaq olub. Ukrayna tərəfi bildirir ki, əməliyyat zamanı sözügedən 500 min dollar mükafat ruslardan alınıb və Ukraynanın müdafiəsinə köçürüləcək.
Rusiya Kapustinin rəhbərlik etdiyi RDK-nı terror təşkilatı kimi tanıyır. Keçmiş MMA döyüşçüsü və iş adamı Kapustin 2018-ci ildən bəri Ukraynada yaşayır. RDK Rusiyanın Ukraynaya işğalından qısa müddət sonra yaradılıb. Kiyev hökuməti heç vaxt RDK-nı Ukrayna ordusunun bir hissəsi kimi tanımayıb. Lakin müxtəlif mənbələrə görə, birlik Ukrayna dövlətindən qeyri-rəsmi dəstək alıb.
TAHİR