İranda etirazlar 5-cü günü şiddətli toqquşmalarla davam edib. "MOUZE" xəbər verir ki, bu gün keçirilən aksiyalarda SEPAH etirazçılara divan tutub.
Təhlükəsizlik qüvvələrinin etirazçılara birbaşa açdığı atəş nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.
İranın rəsmi dairələri ölüm faktlarını gizlətməyə çalışsa da, sosial şəbəkələrdə yayılan görüntülər bunu təsdiq edir.
Hazırda İranın müxtəlif şəhərlərində ümumxalq etirazları davam edir.
"MOUZE"nin yaydığı məlumata görə, İran küçələri qan gölünə dönüb.
SEPAH etirazçılara qarşı çox amansız davranır. Hamıya atəş açır. Ölənlərin və yaralananların sayı artır. İranın Kəvər şəhərində qanlı olayı əks etdirən fotolar və videolar yayılır.
Azad İran Telegram kanalının yaydığı məlumata görə isə etirazçılar Kuhdəşt şəhərinin mərkəzini ələ keçiriblər.
Küçələrdə tonqal yandıran etirazçılar habelə antihökumət şüarı səsləndiriblər: "Xameneyiyə ölüm olsun!"
İranın Kuhdəşt şəhərində həmçinin etirazçılar küçələrdə barrikadalar qururlar.
Məşhəd, Həmədan, Qum şəhərlərində və Kərəcin Qohərdəşt bölgəsində də repressiv qüvvələrlə xalq kütlələri arasında qarşıdurma yaranıb. Həmədanda "Bəsic" qüvvələrindən biri öldürülüb.
İradə SARIYEVA