Ankarada yaşayan 55 yaşlı Necla Özmen ABŞ prezidenti Donald Trampın onun bioloji atası ola biləcəyini iddia edərək Ankara 27-ci Ailə Məhkəməsində iddia qaldırıb. Özmen iddia edir ki, bioloji anası ABŞ vətəndaşıdır və bu müddət ərzində Trampla münasibətdə olub.
Necla Özmen doğum haqqında şəhadətnaməsindəki uyğunsuzluqlar və bioloji ailəsi ilə bağlı qeyri-müəyyənliklər əsasında atalıq müəyyən etmək üçün ailə məhkəməsinə müraciət edib. O, həmçinin səfirlik vasitəsilə ABŞ-dakı ailə məhkəməsinə də oxşar iddia ilə müraciət edib.
Türkiyə mediasına danışan Özmen 1970-ci ildə anadan olduğunu və bioloji anasının Sofiya adlı ABŞ vətəndaşı olduğunu bildirib. Özmenin sözlərinə görə, bioloji anası onu Dursun və Satı Özmen cütlüyünə övladlığa verib: "Məni övladlığa götürən şəxsin əvvəllər bir uşağı olduğu və həmin uşaq öldüyü üçün məni həmin şəxsin adına qeydiyyata aldırıblar. 2017-ci ildə prezident seçkiləri zamanı cənab Trampı xəbərlərdə görəndə məni böyüdən ana dedi ki, "bu sənin atandır". O vaxt mən buna inanmaq istəmirdim, amma araşdırdım və bir şey əldə edə bilmədim. Sonradan onunla əlaqə saxlamağa çalışdım. Türkiyə məhkəməsində, ailə məhkəməsində iddia qaldırdım. Orada iş rədd edildi. Apelyasiya şikayəti verdim. Sonra ailə məhkəməsinə göndərilməsi üçün səfirliyə məktub yazdım. Cənab Trampın mənim atam olduğunu sübut etmək istəyirəm. Bunu DNT testi ilə edə bilərəm".
Özmenin sözlərinə görə, onu böyüdən şəxs əvvəllər NATO-da xidmət edib: "O dövrdə tanış olublar bioloji anamla. Məni böyüdən ailəyə onun məni qəbul etmədiyini, özünün də cəmi 25-26 yaşında əsgər olduğunu deyiblər".
Trampın onu ailəsinə qəbul etməsini istəyən Özmenin tək arzusu onunla üz-üzə görüşməkdir: “Onunla bir ailə kimi görüşmək istəyirəm. Mənə sahib çıxmasını istəyirəm. Məni ailəsinə qəbul etməsini istəyirəm".
ZÜMRÜD