Yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar. Sığorta təminatının minimum məbləği isə 30 000 lari təşkil etməlidir. Yayılan bu xəbər böyük ajiotaja səbəb olub.
Bir sıra xarici vətəndaşlar arasında 30 min lari məbləğində sığorta təminatı yanlış anlaşılıb. Əksər insanlar bunu səfər edən şəxsin 30 min lari ödəmək məcburiyyətində qalacağı kimi başa düşürlər.
Gürcüstanın 24news.ge saytının yaydığı məlumata görə, əslində söhbət 30 min lari məbləğindən getmir. Məsələ belə deyil.
Gürcüstana 10 günlük səfər edən xarici ölkə vətəndaşları 15 min dollarlıq sığorta paketini 10-15, 1 aylıq səfər edən vətəndaş isə 20-25 dollar ödəməklə yerli sığorta şirkətlərindən əldə edə bilərlər.
Gürcüstanda yaşayış icazəsinə malik olan xarici vətəndaşlar üçün isə icbari tibbi sığorta tələbi tətbiq olunmayacaq.
İradə SARIYEVA