İsveç gömrük orqanları gecə əməliyyatı zamanı Rusiya yük gəmisi "Adler"i saxlayıb. Gəmi mühərrikinin sıradan çıxması səbəbindən İsveç sularında lövbər salıbmış.
İsveç xəbər agentliyi SVT-nin məlumatına görə, əməliyyatda İsveç gömrüyü, sahil mühafizəsi, polis və xüsusi təyinatlı qüvvələr iştirak edib. Hakimiyyət orqanları gəmiyə daxil olub və yükün ətraflı yoxlanılmasına başlayıb.
"Adler"in sahibi M Leasing MMC ABŞ və Avropa Birliyi tərəfindən sanksiyalar altındadır. Beynəlxalq məlumat bazalarına görə, şirkətin Şimali Koreya sursatını Rusiyaya daşımaqla əlaqəli olduğu iddia edilir.
İsveç gömrük sözçüsü Martin Hoglund bildirib ki, onlar gəmiyə gecə saat 1:00-dan qısa müddət sonra daxil olub və gömrük yoxlaması aparıblar. Yoxlamalar və gəminin yükü ilə bağlı heç bir məlumat paylaşılmayıb.
Hakimiyyət orqanları gəmi və onun sahibləri ilə bağlı ciddi şübhələr üzərində dayanır. İsveç hakimiyyəti gəminin silah və ya hərbi texnika daşıması ehtimalını nəzərdən keçirir.
Gəmi izləmə sistemlərinə görə, 126 metr uzunluğunda olan “Adler” konteyner gəmisi İsveçin cənub-qərbindəki Höganas sahilində lövbər salıb. Səlahiyyətlilər gəminin 15 dekabrda Rusiyanın Sankt-Peterburq limanından yola düşdüyünü bildiriblər. Lakin gəminin son təyinat yeri barədə rəsmi məlumat yoxdur.
TAHİR