Suriyanın devrilmiş lideri Bəşər Əsədin Moskvadakı həyatı ilə bağlı şayiələr səngimək bilmir. Britaniya mətbuatında yer alan yeni məlumata görə, Əsədin ictimaiyyətə açıqlama vermək cəhdi birbaşa Putinin tərəfindən bloklanıb. Bir neçə media orqanının Əsəddən müsahibə götürmək cəhdi Kreml qarşı çıxdığı üçün baş tutmayıb.
"The Guardian" qəzetinin məlumatına görə, Əsəd yaşadıqlarını ictimailəşdirmək üçün media ilə əlaqə yaradıb. Lakin Rusiya rəsmiləri devrilmiş Suriya liderinə mediaya açıqlama verməyi qadağan ediblər. Bu qadağaya uyğun olaraq Əsəd televiziya, radio, podkast və bu kimi bütün ictimai platformalardan kənarda saxlanılır.
İddialara görə, Rusiya Əsədin Moskvada yaşamasına icazə verib, lakin siyasi və ya media fəaliyyətini qəti qadağan edib. Rusiyanın İraqdakı səfiri Elbrus Kutraşev də bir müddət əvvəl Əsədin ictimai tədbirlərdə iştirak etməsinə və ya media qarşısında çıxış etməsinə icazə verilməyəcəyini açıq şəkildə bildirmişdi.
Əsəd ailəsi Moskvada dəbdəbəli, lakin son dərəcə təcrid olunmuş bir həyat yaşayır. Ailənin Rusiya elitasının yaşadığı Rublyovka rayonunda yaşadığı və Əsədin xarici dünya ilə əlaqəsinin demək olar ki, tamamilə kəsildiyi bildirilir. Əsəd yalnız məhdud sayda keçmiş rejim nümayəndələri ilə görüşür. Bildirilir ki, rejimin süqutundan sonra öz hekayəsini danışmaq istəyən devrilmiş liderə Kremldən "susmaq" əmri verilib.
Bildirilir ki, Rusiya Əsədi fiziki olaraq qoruyur, lakin onu siyasi cəhətdən tamamilə təcrid edir. Kremlə yaxın mənbələr bildiriblər ki, Əsəd artıq Moskvada nüfuzlu bir şəxs kimi görünmür və o Rusiya siyasi elitası üçün mənasını itirib.
TAHİR