ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqını hədəf alan açıqlamaları Brüsseldə ciddi bir fikir ayrılığına səbəb olub. Avropa Komissiyası daxilində Trampa necə cavab veriləcəyi müzakirələri fikir ayrılıqlarına yol açıb.
“Financial Times” qəzetinin məlumatına görə, bəzi yüksək vəzifəli məmurlar Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə Trampa cavab verməməyi məsləhət görüblər. Bu yanaşmanı dəstəkləyənlər bununla ABŞ-ın Ukrayna sülh prosesindən çıxmasının qarşısını almağa çalışırlar.
Bəzi yüksək vəzifəli AB rəsmiləri isə Trampın açıqlamalarına cavab verilməməsini kəskin şəkildə tənqid ediblər. Bildirilir ki, Brüsseldə qorxaq davrananların zəif mövqeyi bəzi Avropa liderlərinin Avropa Komissiyasından kənar Trampla birbaşa əlaqə qurmasına səbəb olub.
Əldə edilən məlumata görə, Avropa İttifaqı daxilində siyasi gərginlik daha da artıb. Mənbələrə görə, Ukrayna lideri Zelenski və NATO-nun baş katibi Mark Rutte də ötən həftə Ursula fon der Leyeni Trampa cavab verməməyə çağırıblar.
Qeyd edək ki, Prezident Donald Tramp bir müddət əvvəl bir çox Avropa ölkəsinin zəif miqrasiya siyasəti üzündən tezliklə yaşayış üçün yararsız yerə çevriləcəyini bildirib. Tramp həmçinin Avropa ölkələrinin Rusiya-Ukrayna müharibəsi haqqında çox danışdıqlarını, lakin həll yolunda heç bir addım atmadıqlarını bildirib.
TAHİR