ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq məsələsində bir daha məyus olduğunu açıqlayıb.
Tramp, Floridada Vaşinqton və Kiyev arasında üç günlük danışıqlardan sonra verdiyi açıqlamada, Zelenskinin Vaşinqton tərəfindən hazırlanmış sülh planını "oxumamasından" "bir az məyus olduğunu” deyib.
"Rusiya-Ukrayna sülh danışıqlarında növbəti addım nə olacaq?" sualına cavab olaraq Tramp, Rusiya Prezidenti Vladimir Putin və Zelenski də daxil olmaqla, tərəflərlə müzakirələri davam etdirdiklərini xatırladıb.
Buna baxmayaraq, Tramp Zelenskinin sülh planının layihəsinə kifayət qədər maraq göstərmədiyini bildirib: "Prezident Zelenskinin təklifi hələ də oxumamasından məyus oldum. Bir neçə saat əvvələ qədər belə idi".
Rusiyanın sülh istədiyinə inandığını, lakin Zelenskinin buna istəksiz yanaşdığını bildirən Tramp, Ukrayna liderinin sülh planının layihəsini oxumadığını iddia edib. Tramp, "O, bunu bəyənmədi, amma xalqı bəyəndi" deyərək Kiyevə daha bir narazılıq mesajı göndərib.
Trampın tənqidlərindən qısa müddət sonra ABŞ-ın Rusiya ilə apardığı sülh danışıqları ilə bağlı açıqlama verən Zelenski Ukraynanın şərəfli bir sülhə layiq olduğunu bildirib: "Sülhün bərqərar olub-olmaması tamamilə Rusiyadan, Rusiyaya qarşı kollektiv təzyiqimizdən və ABŞ, Avropa və bütün digər tərəfdaşlarımızın sağlam müzakirə mövqelərindən asılıdır".
Zelenski Rusiyanın Ukraynaya hücumlarını "terror aktları" adlandırıb və bildirib ki, Moskva bütün bu hərəkətlərə və müharibənin özünə görə məsuliyyət daşımalıdır.
ABŞ-la son danışıqlara gəldikdə isə, Zelenski bildirib ki, Amerika nümayəndələri Ukraynanın fundamental mövqeyini bilirlər. O, görüşün konstruktiv keçdiyini, amma asan olmadığını deyib.
TAHİR