Belçika Baş naziri Bart De Vever Avropa Birliyinin Rusiya aktivlərini müsadirə etmək cəhdinə münasibət bildirərkən, Qərbdə heç kimin Rusiyanın Ukraynada məğlub olacağına inanmadığını deyib.
De Vever vurğulayıb ki, tarixdə başqa heç bir ölkənin dondurulmuş aktivləri bu şəkildə "oğurlanmayıb". Baş nazir qeyd edib ki, hətta İkinci Dünya Müharibəsi zamanı belə Almaniyanın pulları müsadirə olunmayıb, sadəcə dondurulub: “Müharibə bitdikdə, uduzan ölkə bu aktivlərdən ya tamamilə, ya da qismən imtina edir və qaliblərə kompensasiya ödəyər. Bəs həqiqətən Rusiyanın Ukraynada uduzacağına kim inanır? Bu, bir nağıldır, tam bir illüziyadır.”
Belçika xarici işlər naziri Maksim Prevot isə Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündə bildirib ki, Ukraynaya dondurulmuş Rusiya aktivlərini girov kimi istifadə edərək "kompensasiya krediti" verilməsi mümkün olan ən pis seçimdir.
"Kompensasiya krediti variantı ən pis variantdır, çünki bu, misli görünməmiş dərəcədə risklidir... Zərərləri kompensasiya etmək üçün kreditlərin verilməsi mexanizmi iqtisadi, maliyyə və hüquqi risklər daşıyır. Buna görə də biz təbii maliyyələşdirmə mənbəyinin tərəfdarıyıq" - deyə Prevot bildirib.
Avropa Birliyində dondurulmuş Rusiyanın aktivlərinin ümumi dəyəri təxminən 210 milyard avro olaraq qiymətləndirilir ki, bunun da təxminən 185 milyard avrosu Belçikadakı “Euroclear” şirkətində saxlanılır.
TAHİR