Kremldən dünən baş tutan zirvə ilə bağlı yeni açıqlama verilib. Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında Kremldə keçirilən və 5 saat davam edən görüş barədə açıqlama verən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov sözlərinə görə, görüşdə Ukrayna böhranının həlli ilə bağlı ABŞ təkliflərinin bir neçə variantı müzakirə olunub.
O, ABŞ planının ilk variantının 27 maddədən ibarət sənəd olduğunu, Moskvanın isə daha sonra görüşdə müzakirə edilən daha dörd sənəd aldığını deyib. O, sənədlərin məzmununu açıqlaya bilməyəcəyini vurğulayıb və qeyd edib ki, onların hamısı Ukraynadakı böhranın sülh yolu ilə uzunmüddətli tənzimlənməsinə aiddirlər.
Görüşün nəticələri barədə danışan Y.Uşakov hələlik heç bir kompromis planının olmadığını bildirdi: “Bəzi Amerika təklifləri Rusiya Federasiyası üçün məqbuldur, bəziləri isə bizim üçün məqbul deyil”.
Rusiya rəsmisi hansı maddələrin problem yaratdığını açıqlamasa da, görüşdə planın texniki tərəflərindən daha çox mahiyyətinə diqqət yetirildiyini və müzakirə edildiyini bildirib.
Eyni zamanda, o, dialoqun strukturu baxımından iki tərəfin bir-birindən uzaqlaşmadığını qeyd edib. Lakin həm Vaşinqtonda, həm də Moskvada görüləsi çox iş var. Bu barədə razılıq əldə edilib və əlaqələr davam edəcək.
Rusiya Prezidentinin köməkçisi bildirib ki, gələcək əməkdaşlıq formatı Vaşinqtonda məsləhətləşmələrdən sonra müəyyən ediləcək: “Onlar vətənə qayıdacaqlar. Bu gün qaldırılan məsələləri müzakirə edəcəklər. Daha sonra isə, düşünürəm ki, onlar bizimlə telefonla əlaqə saxlayacaqlar və biz müzakirəni davam etdirəcəyik”.
Putinlə Tramp arasında görüşün mümkünlüyü ilə bağlı suala cavab olaraq Y.Uşakov vurğulayıb ki, bu, mövcud məsləhətləşmələrin gedişatından asılıdır: “Bu, bu yolda hansı irəliləyiş əldə edə biləcəyindən asılıdır. Köməkçilər, Xarici İşlər Nazirliyinin nümayəndələri xətti ilə inadla və möhkəm çalışacağıq”.
Y.Uşakovun açıqlamalarından aydın olur ki, Rusiya və ABŞ Ukrayna münaqişəsi ilə bağlı Amerika sülh planı ilə bağlı razılığa gələ bilməyib.
ZÜMRÜD