İsrail Baş naziri Netanyahu davam edən korrupsiya işləri bağlı Prezident İsaak Herzoqdan rəsmi olaraq əfv olunmasını istəyib.
Herzoqa məktub yazan Netanyahu, əfvinin ictimai maraqlara uyğun olacağını və İsrail cəmiyyətindəki gərginliyi azaltacağını iddia edib.
İsrail Prezident Aparatı açıqlama yayaraq Netanyahunun tələbinin nəzərdən keçiriləcəyini bildirib: "Prezident Aparatı bunun əhəmiyyətli nəticələr doğuran fövqəladə bir tələb olduğunun fərqindədir. Məsləhətləşmələrdən sonra Prezident tələbi məsuliyyətlə və səmimi şəkildə nəzərdən keçirəcək".
İsrailin müxalifət lideri Yair Lapid isə Herzoqdan Netanyahunun əfv tələbini hazırkı formada rədd etməyə çağırıb. "Günahını etiraf etmədən, peşmançılığını ifadə etmədən və dərhal siyasi həyatdan uzaqlaşmadan Netanyahunu əfv edə bilməzsiniz" - deyə Lapid bildirib.
Solçu siyasətçi Yair Qolan də deyib ki, yalnız günahkarlar əfv istəyə bilər. İllərlə davam edən məhkəmə prosesindən sonra və ona qarşı qaldırılan işlərə xitam verilmədən, Netanyahu əfv istəyir".
Netanyahunun siyasi müttəfiqi olan milli təhlükəsizlik naziri İtamar Ben Qvir isə əfvin "dövlətin təhlükəsizliyi üçün vacib olduğunu" bildirərək, tələbin yerinə yetirilməsinə çağırıb.
Təxminən ay yarım əvvəl ABŞ prezidenti Donald Tramp da İsrail prezidenti Herzoqa məktub yazaraq korrupsiyada ittiham olunan Netanyahunun əfv olunmasını xahiş etmişdi.
TAHİR