ABŞ Prezidenti Donald Tramp Venesuela və ətrafındakı hava məkanının tamamilə bağlanacağını açıqlayıb.
"Bütün aviaşirkətlər, pilotlar, narkotik satıcıları və insan alverçiləri, Venesuela və ətrafındakı hava məkanının tamamilə bağlanacağını nəzərə alın" – deyə Tramp “Truth Social” hesabındakı paylaşımında bildirib.
Tramp bir müddət əvvəl imzaladığı sərəncamla əvvəllər Latın Amerikası narkotik kartelləri ilə mübarizə aparmaq məqsədilə ordunun daha çox və daha effektiv istifadəsini əmr etmişdi.
Bu kontekstdə ABŞ avqustun sonlarında Venesuela sahillərinə sualtı qayıqlar və hərbi gəmilərdən ibarət dəniz qüvvələri göndərmişdi. ABŞ müdafiə naziri Pit Heqset isə ABŞ ordusunun rejim dəyişikliyi də daxil olmaqla Venesueladakı əməliyyatlara hazır olduğunu bildirmişdi.
Bütün bunların ardından ABŞ dünyanın ən böyük təyyarədaşıyan gəmisi olan “USS Gerald R. Ford”u və zərbə qrupunu Latın Amerikası bölgəsinə göndərib.
Venesuela prezidenti Nikolas Maduro isə ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduğunu bəyan edib.
TAHİR