Rusiyanın enerji nəhəngi “Lukoil”un təsisçilərindən biri olan milyarder Leonid Fedun şirkətdəki təxminən 10 faizlik payını satıb. Fedun tərəfindən satılan payın bazar dəyərinin təxminən 7 milyard dollar olduğu bildirilir, lakin satışdan əldə edilən dəqiq gəlir açıqlanmayıb.
“Reuters” agentliyi, Fedunun şirkətdən tədricən çəkildiyini və uzun müddətdir ki, şirkətdəki payını hissə-hissə satdığını bildirir.
Fedun 2022-ci ildə “Lukoil”un vitse-sədri vəzifəsindən istefa verib və həmin il şirkət tərəfindən uzun müddət dəstəklənən “Spartak Moskva” futbol klubundakı payını da satıb.
Mənbələr bildirir ki, Fedun satışı işlərini 2025-ci ilin əvvəlində, sanksiyalar sərtləşdirilməmişdən əvvəl başa çatdırıb.
Xatırladaq ki, ABŞ 22 oktyabrda “Lukoil”, “Rosneft” və onların törəmə şirkətlərinə qarşı sanksiyalar elan edib və bu şirkətlərlə əməliyyatların 21 noyabr tarixinə qədər başa çatdırılmasına icazə verib. Vaşinqton əvvəllər bildirmişdi ki, həmin tarixdən sonra Rusiya neftinin istənilən alıcısına ikinci dərəcəli sanksiyalar tətbiq oluna bilər. Lakin “Bloomberg”in məlumatına görə, ABŞ Macarıstan və Slovakiyadakı neft emalı zavodlarına Rusiya neti ilə bağlı güzəşt qərarı verib.
TAHİR