Fransa Prezidenti Emmanuel Makronun dondurulmuş Rusiya aktivlərinin avropalılar tərəfindən idarə olunması barədə açıqlamalarına cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avropalıları "avro oğruları" adlandırıb və buna sərt cavab verəcəyinə söz verib.
"Rusiya aktivlərinin taleyinin necə olacağına qərar vermək hüququ yalnız Rusiyanındır. Rusiya Federasiyasının vəsaitlərini qanunsuz saxlayanlar isə avro oğruları kimi damğalanmaq və cinayətlərinə görə ən sərt cavabla üzləşmək istəmirlərsə, onları geri qaytarmalıdırlar", - diplomat Telegram kanalında yazıb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə Avropada Rusiya aktivlərinin dondurulmasını oğurluq adlandırıb və qeyd edib ki, AB yalnız özəl fondları deyil, həm də Rusiya dövlət aktivlərini hədəf alır. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Qərb tərəfindən dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə cavab verəcək. Onun sözlərinə görə, Rusiyanın həmçinin Qərb ölkələrinin Rusiyada saxladığı vəsaitləri qaytarmamaq seçimi də var.
Xatırladaq ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından sonra Aİ və G7 ölkələri Rusiyanın qızıl və valyuta ehtiyatlarının təxminən yarısını dondurub ki, bu da təxminən 300 milyard avro təşkil edir. Bunun 200 milyard avrodan çoxu Aİ-də, əsasən dünyanın ən böyük klirinq və hesablaşma sistemlərindən biri olan Belçikanın Euroclear hesablarında saxlanılır. Avropa Komissiyası bildirib ki, 2025-ci ilin yanvar-sentyabr ayları arasında Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 14 milyard avro köçürüb.
SAMİRƏ