Merilend ştatının federal hakimi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanmasını qeyri-qanuni hesab edərək,qurumun fəaliyyətini bərpa etməyi əmr edib.Bu barədə Azadlıq Radiosu xəbər verir.
Qərarda deyilir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası agentliyin işini əngəlləməklə konstitusiya qaydalarını pozmuş ola bilər. Hakim Teodor Çuanq 68 səhifəlik rəydə administrasiyanın ABŞ Konstitusiyasının bir sıra müddəalarını, o cümlədən hakimiyyətlərin bölünməsi prinsipini pozduğunu bildirib. Hakimin sözlərinə görə, bu hərəkətlər təkcə iddiaçılara, agentliyin keçmiş əməkdaşlarına deyil, həm də ictimai maraqlara ziyan vurur, çünki onlar “Konqresdə seçilmiş ictimaiyyət nümayəndələrini Konqres tərəfindən yaradılan agentliyi nə vaxt, necə və nə üçün bağlamaq barədə qərar vermək haqda konstitusiya səlahiyyətlərindən məhrum ediblər”. Hakim işdən çıxarılan iddiaçıların işlərinə bərpa olunmasını və getdikləri ofisdə iş yerlərinə girmələrinə təminat verilməsini istəyib. Bütün agentliyin əməkdaşlarına iş e-poçtuna və bütün elektron sistemlərə girişi bərpa etmək əmri verilib. O, Elon Maskın Hökumətin Effektivliyi Departamentinə qanuni səlahiyyəti olan agentlik rəsmisinin açıq icazəsi olmadan USAİD ilə bağlı hər hansı tədbir görməyi qadağan etdi. Tramp administrasiyası dövlət katibi Marko Rubionu agentliyin müvəqqəti inzibatçısı təyin edib.
Surxay Əliyev