İsrailin baş naziri Benyamin Netanyahu bir-bir tənqidçilərini aradan götürür və onların yerinə sadiq tərəfdarlarını qoyur. Belə ki, Baş nazir Şin Bet kəşfiyyatının rəhbəri Ronen Barı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir.Bu addım Netanyahu ilə təhlükəsizlik rəsmiləri arasında Qəzzadakı müharibə ilə bağlı fikir ayrılığına görə uzun müddətdir ki,davam edən gərginliyi daha da artırıb. Qərar, Netanyahunun ən yaxın adamları, o cümlədən korrupsiya və məxfi sənədlərin sızması ilə bağlı dosye tərtib edən Şin Betin araşdırmalarından sonra verilib. Baş nazirə qarşı 3 cinayət işi açılıb, daxili kəşfiyyat Netanyahunun ətrafının istintaqa təzyiq etmək cəhdlərini araşdırır. Baş prokuror Qali Baharav-Miara bildirib ki, Netanyahunun hüquqi qiymət vermədən məhkəməyə başlamaq hüququ yoxdur. Netanyahunun koalisiya üzvləri onu dəstəkləyib, həmçinin Ronen Barın istefasını tələb ediblər. Onlar kəşfiyyat rəhbərini “baş nazirin səlahiyyətlərinə zərbə vurmaqda” ittiham ediblər. Həmçinin Netanyahu ilə münaqişəsi uzun müddətdir davam edən Baharav-Miaranın da işdən çıxarılmasını istəyirlər. Netanyahu öz mövqeyini bununla izah edib ki, “ekzistensial müharibə şəraitində” baş nazir və kəşfiyyat rəhbəri bir-birlərinə tam etibar etməlidirlər. Ronen Bar kəskin şəkildə cavab verdi ki, "şəxsi etimad" ictimai maraqdan üstün tutulmamalıdır. Bu arada Ronen Bar Qəzzadan girovlar qaytarılana və bir sıra əsas araşdırmalar tamamlanana qədər vəzifəsində qalmaq niyyətində olduğunu vurğulayıb. Son aylarda Netanyahu müdafiə nazirini və baş qərargah rəisini də vəzifəsindən azad edib. Onların hər ikisi Netanyahunun Qəzza siyasətinə qarşı idi. Şin Bet-in keçmiş rəhbəri Ami Ayalon isə deyib ki, Barın işdən çıxarılması İsraili liderə şəxsi sədaqətinin hökm sürdüyü bir dövlətə çevirmək yolunda daha bir addım olacaq. İsrail müxalifəti də Netanyahunun qərarını tənqid edərək, kəşfiyyat rəhbərinin işdən çıxarılmasının əleyhinə səs verəcəyini vurğulayıb.
Surxay Əliyev