Cenevrədə BMT-nin himayəsi altında Kipr nizamlanmasına həsr olunmuş iki günlük sammit başlayıb. TASS xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş sammitdə təşkilatçı və vasitəçi qismində iştirak edir. Görüşün məqsədi Kipr Rum və Kipr Türk icmaları arasında 2017-ci ildə kəsilən danışıqlar prosesini bərpa etməkdir. Sammit iki Kipr icmasının liderləri ilə yanaşı, adanın təhlükəsizliyinə və müstəqilliyinə zəmanət verən ölkələrin – Yunanıstan, Türkiyə və Böyük Britaniyanın nümayəndələrinin də iştirakını əhatə edən “beş üstəgəl bir” formatında keçirilir. Yunan Kipr nümayəndə heyətinə Kipr Respublikasının Prezidenti Nikos Xristodoulides, Kipr Türk nümayəndə heyətinə isə Ersin Tatar rəhbərlik edir. Danışıqlarda həmçinin Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Britaniya xarici işlər nazirinin müavini Stiven Doti də iştirak edir. Avropa İttifaqı da nümayəndə heyəti göndərib, lakin o, sammitdə yalnız müşahidəçi qismində iştirak edəcək. Analoji formatda əvvəlki görüş 2021-ci ilin aprelində Cenevrədə keçirilib, lakin konkret nəticə əldə olunmayıb. Gözlənilir ki, məsləhətləşmələrin hazırkı raundu tərəflərə ümumi dil tapmağa və Kipr nizamlanması üzrə dialoqu bərpa etməyə imkan verəcək.
Surxay Əliyev