Ərəb ölkələri Qəzza zolağının yenidən qurulması planını ABŞ-a təqdim edib. Belə ki, Səudiyyə Ərəbistanı, Misir və İordaniyanın xarici işlər nazirləri bu gün Qətərdə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşüb. Görüşdə onlar Qəzzanın bərpası ilə bağlı müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Keçən həftə təsdiqlənən 90 səhifəlik bu sənəd dağıntıların təmizlənməsini və Qəzzada yerli fələstinlilər üçün mərhələli şəkildə evlər tikilməsini nəzərdə tutur. Bütün bunlar təxminən beş il çəkməlidir. Xərclər təxminən 50 milyard dollar qiymətləndirilir. Bununla belə, maliyyələşdirmə və Qəzzaya gələcək nəzarət kimi bir çox məsələlər həll olunmamış qalır və bu da planın qəbulu və həyata keçirilməsi perspektivlərini şübhə altında qoyur. Bu planın təşəbbüskarı isə ABŞ prezidentinin fevralda səsləndirdiyi fikirlərə alternativin hazırlanmasını zəruri hesab edən Misir olub. Xatırladaq ki, Donald Tramp iki milyona yaxın fələstinlini Qəzzadan həmişəlik olaraq başqa ölkələrə köçürməyi və dəniz sahilindəki anklavı yenidən tikib “Yaxın Şərq Rivierası”na çevirməyi təklif etmişdi.
Surxay Əliyev