ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna ilə Rusiya arasında atəşkəslə bağlı açıqlamalarına cavab verib. "The Guardian" xəbər verir ki, o, NATO-nun baş katibi Mark Rutte ilə görüşündə jurnalistlərlə söhbəti zamanı deyib: "Putinin bəyanat ümidverici olsa da natamam idi. Mən Rusiya Federasiyası tərəfindən atəşkəs əldə olunmasını istərdim. Ümid edirik ki, Rusiya düzgün addım atacaq". Və əlavə edib ki, ki, onun nümayəndəsi Stiv Vitkoff Moskvada ciddi danışıqlar aparır. Tramp bildirib ki, ABŞ Ukrayna ilə ərazi məsələsini müzakirə edir. “Biz Ukrayna ilə saxlanacaq, itiriləcək əraziləri və yekun razılaşmanın bütün digər elementlərini müzakirə edirik... Rusiyanın da bu sövdələşmədə iştirak edib-etməyəcəyini görəcəyik, əgər bu olmasa, bu, dünya üçün çox məyusedici məqam olacaq”, - deyə Amerika lideri qeyd edib. Tramp bəyan edib ki, Ukraynada nizamlanma prosesində Zaporojye Atom Elektrik Stansiyasına nəzarət məsələsi müzakirə olunur. ABŞ prezidenti Putin haqqında da danışıb: "Onunla görüşməkdən və danışmaqdan məmnun olardım, amma bu işi tez həll etməliyik." Qeyd edək ki, Vladimir Putin ABŞ-ın Ukraynayla müvəqqəti atəşkəslə bağlı təklifi ilə razılaşıb, lakin deyib ki, istənilən barışıq “uzunmüddətli sülhə və münaqişənin əsas səbəblərinin aradan qaldırılmasına gətirib çıxarmalıdır”.
Surxay Əliyev