Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Fransa prezidenti Emmanuel Makron strateji tərəfdaşlıq haqqında bəyannamə, həmçinin dəyəri 12 milyard avrodan çox olan bir sıra sazişlər imzalayıblar.
Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Fransaya dövlət səfəri zamanı Şavkat Mirziyoyev və Emmanuel Makron strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə imzalayıblar. Dövlət başçıları məhdud tərkibdə, ikitərəfli münasibətlərin perspektivlərini müzakirə ediblər. Tərəflər həmçinin nadir faydalı qazıntıların hasilatı və emalı, enerji və infrastruktur sahəsində birgə layihələrin işlənməsi haqda da razılığa gəliblər. Bu layihələrə 12 milyard avrodan çox vəsait ayrılacaq. Ötən il Özbəkistan və Fransa arasında ticarət dövriyyəsi ilk dəfə olaraq 1 milyard avronu keçib, birgə müəssisələrin sayı isə 4 dəfə artıb. Təhsil sahəsinə xüsusi diqqət yetirilir. İmzalanan müqaviləyə əsasən, Daşkənddə Özbəkistan-Fransa universiteti açılacaq. Birbaşa reyslərin sayı da artacaq ki, bu da biznes, turizm və mədəni əlaqələrin genişlənməsinə səbəb olacaq. Səfər zamanı ondan çox saziş imzalanıb.
Surxay ƏLİYEV