ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbərliyi işçilərə bütün sənədləri, ilk növbədə rəsmi sənədləri məhv etməyi tapşırıb. Bu barədə daxili bülletenə istinadən “Politico” nəşri məlumat yayıb. USAID-in icraçı direktoru vəzifəsini icra edən Erika Karr agentliyin Vaşinqtondakı baş qərargahında arxivdə olan kağız sənədlərin davamlı olaraq parçalanması və yandırılması haqda əmr verib. Əmrdə gizli seyflərdən və şəxsi sənədlərdən ibarət olan bütün materialların dərhal məhv edilməli olduğu bildirilir. Arxivlərin məhv edilməsi ilə yanaşı, onların tutduqları yerlər də digər qurumlara - ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinə veriləcək. ABŞ həmçinin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) bəzi layihələrini, o cümlədən Ukrayna ilə bağlı layihələri maliyyələşdirməyi dayandırıb və bu isə bir sıra proqramların bağlanmasına səbəb olub. Bu layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilib.
Surxay Əliyev