ABŞ dövlət katibi Marko Rubio dedi ki, “top indi Rusiyanın meydançasındadır”. Bu mühüm məqamdır. Bu barədə BBC-nin analitiki Pol Adams yazır: Ciddədə günboyu davam edən danışıqlardan sonra ABŞ və Ukraynanın birgə bəyanatında bir neçə əsas bənd var ki, bəlkə də bundan daha vacib məqam yoxdur: “Birləşmiş Ştatlar Rusiyaya onun qarşılıqlı münasibətinin sülhün əldə edilməsinin açarı olduğunu bildirəcək”. Son həftələr Donald Trampın Ukraynadan nə gözlədiyi və Ağ Evin Kiyevi ram etmək üçün hansı küt alətlərdən istifadə etdiyi barədə çox eşitmişik. İndi isə deyəsən, Rusiyanın niyyətlərini açıq şəkildə sınamağın vaxtı çatıb. Donald Trampın Vladimir Putinlə münasibətləri indiyədək qeyri-müəyyən olub. Trampın Vladimir Zelenskiyə göstərdiyi təzyiqin Putinə də göstərməsinin hələ aydın əlamətləri yoxdur. Onu da qeyd edək ki,ABŞ və Ukraynanın çərşənbə axşamı açıqlaması heç də o demək deyil ki, Tramp Zelenskiyə münasibətini qəfil dəyişib. Onların qarşılıqlı inamsızlıqdan doğan çoxdankı çətin münasibətləri var. Lakin Oval Ofisdəki qalmaqallı görüşdən yaranan iyrənc öd buludu əsl sülh prosesi başlayan kimi dağılmağa başlaya bilər. Belə ki,ABŞ- ın Ukraynaya kəşfiyyat məlumatlarının mübadiləsinin və Kiyevə təhlükəsizlik yardımının dərhal bərpası indi təzyiqi məhz Rusiyaya hiss etdirə bilər. Lakin nəticə çıxarmaq üçün hələ tezdir və sonrakı danışıqlar zamanı bir çox detallar razılaşdırılmalıdır. Bəyanatda müharibəni necə bitirməyin əsas təfərrüatları və Ukraynanın “iqtisadiyyatını genişləndirmək, uzunmüddətli rifah və təhlükəsizliyi təmin etmək” kimi zəmanətlər göstərilir. Lakin məhz sonuncu bəndin mətni Vaşinqtonun təhlükəsizlik və rifahın Kiyevin axtardığı konkret təhlükəsizlik zəmanətləri ilə deyil, kritik minerallar üzrə çoxdan müzakirə olunan razılaşma yolu ilə əldə oluna biləcəyi fikrini özündə əks etdirir.Doğrudur, Zelenski və Tramp "mümkün qədər tez" razılaşma əldə etmək barədə razılığa gəliblər. Lakin sırf kommersiya sazişinin Rusiyanın gələcək düşmənçilik hərəkətlərinin qarşısını necə ala biləcəyini hələ görmək lazımdır. Bəyanatda həmçinin qeyd olunub ki, Ukrayna nümayəndə heyəti “avropalı tərəfdaşların sülh prosesinə cəlb edilməli olduğunu bir daha təsdiqləyib”, lakin Vaşinqtonun Avropanın iştirakının mümkün parametrlərinə necə baxdığı tam aydın deyil. Bir sözlə Səudiyyə Ərəbistanındakı görüş, son günlərin təlatümlərindən sonra münasibətlərin yenidən qurulması görüntüsü yaradır. Lakin danışıqların nəticələri heç də o demək deyil ki, ABŞ və Ukraynanın gələcək fəaliyyətləri tam razılaşdırılıb. Prezident Zelenskinin nə vaxtsa,nəyəsə şübhəsi olubsa, indi o, dəqiq bilir ki, keçmiş sədaqəti və ənənəvi diplomatik davranışı onun üçün çox az əhəmiyyət kəsb edən şıltaq və dəyişkən bir Amerika prezidenti ilə işləyir. Beləliklə Zelenski topu Rusiya tərəfində saxlamaq üçün əlindən gələni edəcək, lakin topun ona qayıtması üçün də təhlükənin olduğunu da başa düşür.
Surxay Əliyev