ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukrayna və Amerika nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlardan sonra Vaşinqton Rusiya tərəfinə hərbi əməliyyatların dayandırılması təklifini çatdırır. “Biz indi bu təklifi Rusiya tərəfinə çatdıracağıq və ümid edirik ki, onlar sülhə “hə” deyəcəklər. "Beləliklə indi top onların meydançasındadır" deyə Rubio bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti müharibənin bitməsini istəyir və Ukrayna “bu istiqamətdə konkret addım” atıb. O, Moskvanın da buna cavab verəcəyinə ümid etdiyini bildirib. Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz qeyd edib ki, Ukrayna Vaşinqtonun nizamlanmaya yanaşmasını “aydın şəkildə” dəstəkləyir və ABŞ prezidentinin hərbi əməliyyatları dayandırmaq istəyini bölüşür. Bundan əvvəl Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak bəyan etmişdi ki, Kiyev Amerikanın 30 günlük atəşkəslə bağlı təklifini qəbul etməyə hazırdır. Onun sözlərinə görə, Rusiya onun şərtləri ilə razılaşarsa və razılaşmaya əməl edərsə, atəşkəs müddəti uzadıla bilər. "ABŞ Rusiyaya deyəcək ki, Rusiya tərəfində qarşılıqlı anlaşma sülhə nail olmaq üçün açardır", - deyəYermak qeyd edib. Bundan əlavə, Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni aradan qaldırır və Ukraynaya təhlükəsizlik dəstəyini bərpa edir. Danışıqlar zamanı tərəflər Kiyev və Moskva arasında hərbi əsirlərin mübadiləsini, habelə zorla çıxarılan ukraynalı uşaqların geri qaytarılmasını müzakirə ediblər. Digər mövzu nadir torpaq metalları sahəsində əməkdaşlıq olub. Yermak bildirib ki, Ukrayna və ABŞ prezidentləri mümkün qədər tez müvafiq saziş bağlamaq barədə razılığa gəliblər.
Surxay Əliyev