Donald Tramp və Vladimir Zelenski arasında səs-küylü münaqişədən sonra bu tərəflərin ilk görüşüdür. Danışıqlar ərəfəsində Ukrayna müharibə başlayandan bəri Rusiyaya qarşı ən böyük miqyaslı pilotsuz təyyarələrlə Moskvanı və digər regionları hədəfə alıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bir gecədə 337 pilotsuz təyyarə vurulub ki, onlardan 91-i Moskva vilayətində vurulub. Zelenski ABŞ-la işgüzar münasibətləri bərpa etməyə ümid edir və Moskvanın sülhə hazırlığının sınağı kimi havada və dənizdə ilkin atəşkəs təklif edib. Öz növbəsində Vaşinqton Kiyevə təzyiq göstərir, hərbi yardımın və kəşfiyyat dəstəyinin bərpası müqabilində güzəştlər tələb edir. Dövlət katibi Marko Rubionun sözlərinə görə, ABŞ Ukraynanın müharibəni dayandırmaq üçün hansı ərazi güzəştlərinə getməyə hazır olduğunu öyrənmək niyyətindədir.
Bundan əlavə, görüşdə ABŞ və Ukrayna arasında strateji faydalı qazıntılar üzrə saziş müzakirə olunur və Tramp Kiyevə gələcək dəstək üçün şərt kimi bunu israr edir. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff artıq sazişin imzalanmağa yaxın olduğunu bəyan edib. Onun yaxın vaxtlarda Moskvaya səfər edərək Vladimir Putinlə görüşəcəyi də gözlənilir. ABŞ-ın təzyiqi fonunda Ukraynanın Avropadakı müttəfiqləri xəbərdarlıq edir ki, Kiyev ciddi təminat olmadan güzəştə getməməlidir, Zelenski isə Putinin real sülhdə maraqlı olmadığını deyir. Eyni zamanda, Rubio hesab edir ki, Ukrayna yaxın gələcəkdə itirilmiş ərazilərinin hamısını geri qaytara bilməyəcək, Rusiya isə öz növbəsində bütün ölkəni işğal etmək iqtidarında deyil.
Surxay Əliyev