Suriyanın prezidenti Əhməd əl-Şaraa ölkədə ələvi azlığından olan yüzlərlə dinc sakinin ölümünə səbəb olan qanlı toqquşmalara münasibət bildirib. Əl-Şaraa hadisələri törətməkdə Suriyanın devrilmiş prezidenti Bəşər Əsədə sadiq qüvvələr və xarici dövlətləri günahlandırıb.
Əl-Şaraa Reuters agentliyinə bildirib ki, toqquşmalara keçmiş prezidentin qardaşı Mahir Əsədin 4-cü diviziyasından olan Əsədə sadiq olanlar səbəb olub və onları başqa ölkələr də dəstəkləyib. Suriya liderinin sözlərinə görə, onlar “iğtişaşları qızışdırmağa və icmalararası ixtilaf yaratmağa” çalışırdılar. BBC xəbər verir ki, eyni zamanda əl-Şaraa etiraf edib ki, buna cavab olaraq “bir çox tərəflər Suriya sahillərinə nüfuz edib və nəticədə bir çox pozuntular baş verib”. Suriya lideri toqquşmalarda iştirak etdiyini dediyi xarici ölkənin adını açıqlamayıb, ancaq “yeni reallıq səbəbilə uduzan tərəflərə” işarə edib. Reuters yazır ki, bu, Əsədin çoxdankı müttəfiqi İrana işarədir. Lakin Tehran zorakılıqda iştirakını rədd edib. Şaraa iğtişaşlarda 200 təhlükəsizlik qüvvəsinin öldürüldüyünü, lakin ölənlərin ümumi sayını açıqlamaqdan imtina edərək, ələvilərin də daxil olduğu müstəqil komitənin məsələyə baxacağını bildirib.
Surxay Əliyev