BMT-nin İnsan Haqları İdarəsinin sözçüsü Təmin əl-Hitan Anadolu agentliyinə açıqlamasında İsrailin Qəzzaya humanitar yardımı əngəlləmək qərarının beynəlxalq hüquqa zidd olduğunu bildirib.
Beynəlxalq hüququn pozulması ilə bağlı sualı cavablandıran BMT nümayəndəsi vurğulayıb ki, İsrail işğalçı dövlət kimi Qəzzalıları qida, dərmanla təmin etməyə və səhiyyə sisteminin fəaliyyətinə zəmanət verməyə borcludur. “Münaqişənin bütün tərəfləri humanitar yardımın sürətli və maneəsiz şəkildə çatdırılmasına imkan verməli və buna kömək etməlidir. İsrailin Qəzzaya bütün yardımı tamamilə kəsmək qərarı qəbuledilməzdir və beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə ziddir”, - deyə əl-Hitan bildirib. O, həmçinin blokadanın fəlakətli nəticələri barədə xəbərdarlıq edib: ərzaq qiymətlərinin artması, həyati vacib resursların çatışmazlığı və aclığın yenidən alovlanması riski. "Bütün mülki əhaliyə təzyiq etmək üçün istifadə edilən zəruri təchizatın məhdudlaşdırılması –bütün bunlar kollektiv cəzalandırmadır və bu ciddi narahatlıq yaradır", - deyə BMT rəsmisi bildirib. Əl-Hitan İsraili blokadanı dərhal aradan qaldırmağa və böhranın daha da pisləşməsinin qarşısını almaq üçün humanitar təşkilatların Qəzzaya daxil olmasına icazə verməyə çağırıb.
Surxay Əliyev