Avropa ABŞ-dan müdafiə asılılığını azaltmaq üçün səyləri sürətləndirir.Bu barədə danışan Avropa Komissiyasının sədri Ursula fon der Leyen hesab edir ki, Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır və ABŞ-ın bu məsələylə bağlı tələbləri ədalətlidir. fon der Leyen yenidən seçildikdən sonra ilk 100 gününün nəticələrinə həsr olunmuş mətbuat konfransında qeyd edib ki, Vaşinqtonla münasibətlərdəki balansa yenidən baxılmalıdır. “ABŞ və Aİ müttəfiq olaraq qalır, lakin bu o demək deyil ki, son 25-30 ilin modeli hələ də aktualdır. Biz üzərimizə düşən vəzifələri özümüz yerinə yetirməliyik”, - deyə o bildirib.
Von der Leyen Donald Tramp administrasiyasının mövqeyinin müttəfiqlik münasibətlərinə xələl gətirmədiyini, Avropa ölkələrinin ABŞ-dan hərbi asılılığını azaltmalı olduğunu vurğulayıb. Çin kimi ABŞ-la münasibətlərdə “risklərin azaldılması”nın zərurəti ilə bağlı suala o, belə cavab verib: “Qətiyyən yox. Bizim ABŞ-la münasibətimiz Çinlə münasibətimizdən tamamilə fərqlidir”. Von der Leyen yanvarın 20-də vəzifəsinin icrasına başlayan Trampla hələ görüşməyib, lakin gələcəkdə şəxsi görüşün baş tutacağına əminliyini bildirib. Trampın ikinci prezidentliyi dövründə Aİ-ABŞ münasibətləri pisləşib və seçki kampaniyası zamanı ABŞ prezidenti ticarət və müdafiə məsələlərində Aİ-ni dəfələrlə tənqid edib. Nə Brüsseldən gələn diplomatik siqnallar, nə də əməkdaşlığa hazır olduqları barədə bəyanatlar vəziyyəti dəyişməyib. Martın 6-da fövqəladə müdafiə sammitində fon der Leyen Avropanın təhlükəsizlik xərclərini ödəmək və Amerikanın hərbi dəstəyindən asılılığını azaltmaq üçün 800 milyard avroluq tədbirlər paketi elan edib.
Surxay Əliyev