İsrail energetika naziri Eli Koenin göstərişi ilə Qəzza zolağına elektrik enerjisinin verilişi dayandırılıb və o, bu addımın qalan 59 girovu azad etmək üçün Həmas-a təzyiqi artırmaq məqsədiylə atıldığını iddia edib.
Koen vurğulayıb ki, İsrail hakimiyyəti girovların geri qaytarılmasını təmin etmək və HƏMAS-ın gələcəkdə Qəzzada mövcudluğunun qarşısını almaq üçün “bütün mümkün vasitələrdən” istifadə edir. Bundan əvvəl isə İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını dayandırmışdı.
Təl-Əviv HƏMAS-ı atəşkəs razılaşmasının birinci mərhələsinin uzadılması təklifini qəbul etməməkdə günahlandırıb.Hansı ki,bundan sonra İsrail hərbçiləri eksklavı tərk etməli idi. Öz növbəsində İsrail səlahiyyətliləri hərbi əməliyyatların bərpası da daxil olmaqla, əlavə addımlar atmağa hazır olduqlarını bildiriblər. Baş nazir Benyamin Netanyahu keçən həftə bildirib ki, HƏMAS danışıqlarda mövqeyini dəyişməsə, Qəzzada elektrik enerjisinin tam kəsilməsini istisna etməyəcək.
Surxay Əliyev