Ukrayna Silahlı Qüvvələrinin əməliyyatının davam etdiyi Kursk vilayətində vəziyyət komandanlığın nəzarəti altındadır, Ukrayna Silahlı Qüvvələri vəziyyəti sabitləşdirmək üçün bütün ehtiyatları işə salıb. Rusiya qoşunlarının Sumı vilayətində Ukrayna sərhədlərini kütləvi şəkildə yarması ilə bağlı verilən məlumatlar həqiqətə uyğun deyil. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti xəbər verir.
"Sumı vilayətinin Novenkoe və Juravka yaşayış məntəqələri ərazilərində düşmən diversiya-kəşfiyyat qrupları və hər biri bir neçə nəfərdən ibarət kiçik piyada dəstələri ilə əməliyyatlarını davam etdirir. Onlar döyüş zonasını genişləndirmək üçün Ukrayna ərazisində möhkəmlənməyə çalışırlar, lakin tədricən məhv edilirlər", - deyə məlumatda bildirilir. Baş Qərargah təsdiq edib ki, düşmənin birləşmiş təxribat-hücum qrupları Kursk vilayətinin Sudja şəhəri yaxınlığında möhkəmlənmək üçün qaz kəməri qolu ilə hərəkət edib: "Hazırda Rusiya xüsusi təyinatlıları müəyyən edilir, bloklanır və məhv edilir. Sudjada düşmənin itkiləri isə çox yüksəkdir". Eyni zamanda, Baş Qərargah etiraf edib ki, Kursk vilayətində ümumi vəziyyət ağır olaraq qalır, orada ağır döyüşlər davam edir. Bundan əlavə, iki batalyona qədər Şimali Koreya əsgərlərinin döyüşə atıldığı bildirilir. "Bizim komandanlığımız yaranmış mənzərəni görür və müdafiənin dayanıqlığının gücləndirilməsi üçün lazımi tədbirləri görür. Bu qərarlar sayəsində düşmən bölmələri xeyli itki verib", - deyə Baş Qərargahdan bildiriblər.
Surxay Əliyev