Suriya prezidenti Əhməd əl-Şara deyib ki, hökumət devrilmiş Əsəd rejiminin tərəfdarlarını təqib etməyə davam edəcək və sabitliyi pozmaq cəhdlərinə baxmayaraq, ölkə vahidliyini qoruyacaq.Suriya prezidenti Əhməd əl-Şara Lazkiyə əyalətində ordu ilə devrilmiş Bəşər Əsəd rejiminin qüvvələri arasında gedən döyüşlər fonunda "milli birlik və həmrəyliyi" vurğulayan videomüraciət edib.
Dövlət başçısı qeyd edib ki, rejimin keçmiş tərəfdarları yeni Suriyanı sınaqdan keçirmək cəhdində səhvə yol veriblər. "Bu gün onlar ölkənin şərqdən qərbə, şimaldan cənuba birliyini görərək buna bir daha əmin oldular", - deyə Əl-Şara bildirib. Ölkəni müdafiə etməyin hər bir vətəndaşın ümumi vəzifəsi olduğunu vurğulayan dövlət başcısı deyib ki, dünən gecə baş verən hadisələr sübut etdi ki, Suriya xalqı öz müxaliflərinin təxribatlarına rəğmən birliyini qoruya bilib. Devrilmiş Baas rejiminin tərəfdarları qarşısında çıxış edən prezident bəyan edib: “Biz sizin məhv etdiyiniz ölkəni bərpa edirik və qan tökmək niyyətində də deyilik, amma sizdən fərqli olaraq biz dpyüşsək də şərəflə döyüşəcəyik”. Əl-Şara əmin edib ki, Suriya hakimiyyəti təxribatlarda iştirak edən keçmiş hərbçiləri təqib etməkdə davam edəcək. O vurğulayıb ki, ordu və təhlükəsizlik qüvvələri mülki əhalinin və asayişin qorunmasını təmin edir, lakin heç kəsə həddini aşmağa imkan verilməməlidir. Suriya prezidenti vurğulayıb ki, ölkədə yeganə silahlı qüvvə dövlətin tabeliyində olacaq. Onun sözlərinə görə, xəyanətə baxmayaraq, Suriya sülhün qarantı olaraq qalacaq və heç kimə sabitliyi təhdid etməyə imkan verməyəcək. O, münaqişə zonalarında olan hərbi qulluqçuları növbəti pozuntulara yol verməmək üçün komandirlərinin əmrlərinə ciddi əməl etməyə çağırıb.
Məlum olduğu kimi,martın 7-də Hələbdən Lazkiyəyə doğru irəliləyən hərbi karvanların hücuma məruz qalması ilə Muxtariyyə bölgəsində Suriya ordusu ilə devrilmiş rejim qüvvələri arasında döyüşlər başlayıb. Hərbi mənbələrdən verilən məlumata görə, bir neçə gündür davam edən qarşıdurmalarda azı 50 nəfər ölüb.
Surxay Əliyev