İsveçin “Expressen” qəzeti öz mənbələrinə istinadən yazır ki, Vaşinqton NATO tərəfdaşlarını Avropada planlaşdırılan gələcək hərbi təlimlərdə iştirakını dayandırdığı barədə məlumatlandırıb.
Bu qərar artıq 2025-ci il üçün planlaşdırılan manevrlərə təsir etməyəcək, lakin daha uzunmüddətli proqramlara təsirsiz ötüşməyəcək.Qəzetin yazdığına görə, bu addım Avropada hərbi xərclərin azaldılması və Çinə qarşı durmaq üçün onun Hind və Sakit okean regionuna yönəldilməsi ilə bağlıdır. Bu o deməkdir ki, Avropa ölkələri gələcək təlimləri təkbaşına planlaşdırmalı və yalnız kiçik Amerika bölmələrinə güvənməli olacaqlar. Eyni zamanda, ABŞ Avropada hərbi mövcudluğunu da böyük ölçüdə azaltmağı düşünür. İtaliyanın ANSA agentliyinin məlumatına görə, Tramp Amerika kontingentinin təxminən 20%-ni, yəni 20 min hərbçini geri çəkməyi planlaşdırır. NBC News xəbər verir ki, Tramp NATO nizamnaməsinin alyans üzvlərini hücum zamanı müttəfiqlərini müdafiə etməyə məcbur edən 5-ci maddəsindən də qismən imtina etməyi nəzərdən keçirir. Plana əsasən, Birləşmiş Ştatlar maliyyə müdafiəsi üzrə öhdəliklərini yerinə yetirməyən dövlətlərə təhlükəsizlik zəmanəti verməyi dayandıra bilər.
Surxay Əliyev