ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq haqda qərarı Rusiya tərəfindən Kursk bölgəsində cəbhənin yarılmasıyla nəticələndi. Bu isə prezident Vladimir Zelenskinin danışıqlarda mövqeyini xeyli zəiflətdi və Ukrayna hərbçiləri arasında yüzlərlə itkiyə səbəb oldu.
Bu barədə “Time” 5 yüksək rütbəli Qərb və Ukrayna rəsmisinə, eləcə də vəziyyətlə tanış olan hərbi zabitlərə istinadən yazır. "Bu fasilə nəticəsində yüzlərlə ukraynalı həlak olub", - deyə zabitlərdən biri deyib. Məsələnin həssaslığına görə adının açıqlanmamasını xahiş edən ukraynalı zabitə görə “Ən böyük problem mənəviyyatdır”. Ukraynalı zabit qeyd edib ki,Ukrayna silahlı qüvvələri, Vaşinqtonun mövqeyini dəyişdiyinə görə bəzi mühüm silah sistemlərinə çıxışı olmadan döyüşmək məcburiyyətində qaldı. Bu da, cəbhə xəttində düşmənə mühüm üstünlük yaradır”. Hansı ki,Zelenski bölgəni Moskva ilə potensial sülh danışıqlarında əsas rıçaq kimi görürdü. Onun strategiyası Kursk vilayətinin bir hissəsinin Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinə mümkün mübadilə edilməsini nəzərdə tuturdu. Keçən ay o, Guardian-a demişdi: “Biz bir ərazini digərinə dəyişəcəyik”. Zelenski hökumətindəki mənbə də təsdiqləyib ki, Amerika kəşfiyyatına girişin məhdudlaşdırılması səbəbindən ən çox zərər çəkən Kursk bölgəsindəki hərbçilərimiz olub: "Təkcə Kurskda deyil, indi bütün Rusiyada problemlər var. Bu isə, bizim insanlar üçün çox təhlükəlidir. Bu vəziyyəti təcili dəyişmək lazımdır"-deyə hökumətdəki mənbə bildirib.
Qeyd olunur ki, Ukrayna artıq Rusiya bombardmançı təyyarələrinin havaya qalxmasını da operativ şəkildə izləmək imkanını itirib, bu da mülki əhalini və hərbçiləri mümkün hava hücumu barədə xəbərdar etməkdən məhrum edir. Maxar Technologies də Ukraynada kəşfiyyat xidmətin dayandırılmasını təsdiqləyir. UNIAN-ın məlumatına görə, ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini qismən dayandırıb. Belə ki,nəticədə, ukraynalılara rusların hücumu haqda artıq heç bir məlumat verilmir.Amerikanın aerokosmik şirkəti Maxar Technologies Ukraynanın peyk şəkillərinə çıxışını əngəlləyib. İstifadəçilərin Maxar administrasiyasından aldıqları rəsmi izahat isə “inzibati tələb əsasında” olub. Amma əslində bağlanma ABŞ hökumətinin Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini qadağan etməsinin nəticəsidir.
Surxay Əliyev