“The New York Times” yazır ki, Ağ Evdə nazirlər kabinetinin qapalı iclasında İlon Mask və ABŞ dövlət katibi Marko Rubio arasında münaqişə baş verib. Mask Rubionu Dövlət Departamentinin işçilərini ixtisar etməməkdə günahlandırıb. Cavab olaraq Rubio 1500-dən çox əməkdaşın ixtisar edildiyini xatırladıb və yanlış məlumatlara görə Maskı tənqid edib. Rubio həmçinin Maskın ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyini (USAID) onun xəbəri olmadan faktiki olaraq bağlamasından qəzəbləndiyini bildirib. Mübahisəni izləyən ABŞ prezidenti Donald Tramp sonda işə qarışaraq Rubionu müdafiə edib.Bu, Trampın hökumət aparatında islahatlara radikal yanaşması, hətta respublikaçılar arasında da narazılıq yaradan Maskın təsirini məhdudlaşdırmağın ilk ciddi əlaməti olub. Trampın ən böyük siyasi dayağı və sosial media saytı X-in sahibi Maskın dövlət xərclərinin azaldılması haqda çıxışı və onun iş metodları bir çox dövlət məmurununun xoşuna gəlməyib. Daha sonra Tramp bəyan edib ki, bundan sonra əsas qərarları nazirlər verəcək, Maskın komandası isə məsləhətçi rolunda qalacaq. Görüşdə geniş fikir ayrılıqları ortaya çıxıb. Belə ki,Nəqliyyat naziri Şon Daffi Maskı aviadispetçerlərin sayını azaltmağa çalışmaqda günahlandırıb.Nazirin bu iradına milyarderin cavabı sərt olub və o,işdən çıxarılanların konkret adlarını çəkməyi tələb edib.Öz növbəsində Veteranlarla İş üzrə nazir Daq Kollinz səhiyyə sistemindəki veteranların kütləvi ixtisar edilmə riski barədə xəbərdarlıq edib.
Görüşdən sonra Tramp bildirib ki, bundan sonra hökumət aparatında növbəti ixtisarlar “balta ilə deyil, neştərlə” aparılacaq – bununla da Tramp Maskın yanaşmasının həddən artıq sərtliyinə işarə edib. “The New York Times” yazır ki,sonda Mask görüşü “çox məhsuldar” adlandırsa da, onun aqressiv davranış tərzi görüş iştirakçılarını çox təəccübləndirib. Ağ Ev və Mask arasında yeni qarşılıqlı əlaqə modelinin nə qədər davam edəcəyi isə açıq sual olaraq qalır.
Surxay Əliyev