İsrailin baş naziri Benyamin Netanyahu fevralın 3-də ABŞ prezidenti Donald Trampın ilk xarici qonağı olub.İsrailin baş naziri Ağ Evdə olarkən Trampı “İsrailin ən yaxşı dostu” adlandırıb.Hazırda isə İki lider Yaxın Şərqdəki əsas məsələləri - Qəzzada müharibənin davam etdirilməsi və İranın nüvə proqramının ləğvinin müzakirə ediləcəyi görüşə hazırlaşır. Hələ birinci prezidentliyi dönəmində Tramp Netanyahunun bir sıra diplomatik qələbəsini təmin etdi. 2019-cu ildə İsrailin Qolan təpələri üzərində işğalını tanıdı, ABŞ səfirliyini Qüdsə köçürdü və İsrailin Bəhreyn, Mərakeş və BƏƏ kimi ərəb ölkələri ilə münasibətlərini normallaşdırmaq üçün İbrahim razılaşmalarını dəstəklədi. Bu yaxınlarda isə Tramp Co Bayden dövründə tədarükü dayandırılmış Amerika bombalarının İsrailə göndərilməsinin bərpası barədə göstəriş verib. Bundan əlavə, Axiosun yazdığına görə, Netanyahu Qəzzaya işğalı davam etdirməyi və atəşkəsi uzatmamağı planlaşdırır – ancaq bunun üçün ona Trampın icazəsi lazım olacaq. Guardian yazır ki, Tramp Səudiyyə Ərəbistanını bu prosesə qatmağa və krallığı İsraili tanımağa məcbur etməyə ümid edir. Lakin Ər-Riyad qəti şəkildə bildirib ki, münasibətlərdəki gələcək irəliləyiş Fələstin dövlətinin yaradılmasından asılıdır: Fələstinsiz Səudiyyə Ərəbistanı İsraili tanımayacaq və onunla heç bir əlaqə yaratmayacaq. Bu müzakirələrə Qəzzanın gələcək idarəçiliyi və İranla bağlı strategiya məsələləri də daxil ola bilər. Netanyahunun danışıqları isə İsrailin Qəzzada gələcək strategiyasının formalaşdırılmasında əsas rol oynayır.
Surxay Əliyev