Çinin xarici işlər naziri Van Yi Çin ABŞ prezidenti Donald Trampın Qəzza zolağına “nəzarəti ələ almaq” və sakinlərini isə qonşu ölkələrə köçürmək təşəbbüsünə qarşı çıxıb. “Qəzza zolağı Fələstin xalqına məxsusdur və Fələstin ərazisinin ayrılmaz hissəsidir deyən Çinin xarici işlər naziri Vanq Yi Pekində keçirilən brifinqdə “Anadolu” nun müxbirinin Amerika liderinin Qəzza “planı” haqda sualını cavablandırarkən,vurğulayıb ki, “Qəzza zolağının statusunu zorla dəyişdirmək cəhdi sülh deyil, əksinə bölgəyə yeni iğtişaşlar və xaos gətirəcək”. Vanq Yi bildirib ki, Çin Qəzza zolağı ilə bağlı Misir və digər ərəb ölkələrinin sülh təşəbbüslərini və Qəzzanın bərpası planını dəstəkləyir. Eyni zamanda, Xarici İşlər Nazirliyinin rəhbəri birbaşa ad çəkmədən ABŞ-ı sərt şəkildə tənqid edib. Sitat -"Qəzzə zolağının xalqına həqiqətən qayğı göstərən əsas ölkələr hərtərəfli və uzunmüddətli atəşkəs əldə etməli, humanitar yardımı artırmalı, "Fələstini Fələstinli idarə edir" prinsipinə əməl etməli və Qəzza zolağının yenidən qurulmasına töhfə verməlidir", - sitatın sonu. Van Yi onu da vurğulayıb ki, Yaxın Şərqdə sülh olmadan sabitlik mümkün deyil. “Fələstin məsələsi həmişə Yaxın Şərq probleminin mərkəzində olub. İsrail-Fələstin münaqişəsinin uzadılmasının və kəskinləşməsinin mahiyyəti ondan ibarətdir ki, “iki xalq üçün iki dövlət” planının yalnız yarısı həyata keçirilib: Belə ki,İsrail dövləti çoxdan qurulub, Fələstin dövlətinin yaradılması isə qeyri-müəyyən müddətə,müxtəlif bəhanələrlə təxirə salınır. Beynəlxalq ictimaiyyətin, ilk növbədə, müstəqil Fələstin Dövlətinin yaradılması lehinə “iki dövlət” planına üstünlük verməsinin artıq vaxtı çatıb. Və hesab edirəm ki,bu, Fələstinlə İsrail arasında həqiqi sülhün və razılaşmanın açarı ola bilər”, - deyə Çin diplomatiyasının rəhbəri bildirib. Vanq Yi həmçinin Fələstin birliyinə nail olmaq və Yaxın Şərq ölkələri arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün Pekin Bəyannaməsinin tam şəkildə həyata keçirilməsinə çağırıb. Nazir vurğulayıb ki, Çin Yaxın Şərq ölkələrinin strateji tərəfdaşı və ərəb dünyasının etibarlı dostu kimi regionda sülh və inkişafı dəstəkləməkdə davam etmək niyyətindədir. "Biz ədalət, sülh və inkişaf üçün qətiyyətlə çıxış etməyə davam edəcəyik və region ölkələrini müstəqil şəkildə sülh və firavanlığa aparan yolda dəstəyimizi əsirgəməyəcəyik", - deyə Vanq Yi fikirlərini yekunlaşdırıb.
Surxay Əliyev