Martın 7-nə keçən gecə Rusiya işğalçıları Ukrayna ərazisinə “Kalibr” qanadlı raketləriylə zərbələr endiriblər. Raketlər Qara dənizdən buraxılıb. Bu barədə RBC-Ukrayna Ukrayna Hərbi Hava Qüvvələrinin Teleqramına istinadən məlumat yayıb: - "Diqqət! Qara dənizdən "Kalibr" qanadlı raketlərinin buraxılışı aşkar edilib", - deyə saat 03:06-da verilən mesajda bildirilir. Qeyd edək ki, bundan bir qədər əvvəl monitorinq kanalları rusların Qara dənizə 4 raketdaşıyan gəmi gətirdiyini yazmışdı. Həmçinin saat 02:54-də Ukrayna Hərbi Hava Qüvvələri Krımdan ballistik silahların tətbiqi təhlükəsinin olduğunu bildirib. Saat 03:11-ə olan məlumata görə, Ukraynanın əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Göründüyü kimi, həyacan siqnalı Kiyev, Jitomir, Vinnitsa, Çerkassı, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı, Çerniqov, Dnepropetrovsk, Xerson, Zaporojye və Donetsk vilayətlərində davam edir.
Surxay Əliyev