ABŞ prezidenti Donald Trampın hərəkətləri bizə “öz mərkəzimizi yaratmaq və birləşmək zərurəti haqqında nir xəbərdarlıqdır”. Bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan İngiltərənin “Financial Times” qəzetinə açıqlamasında Avropanın təhlükəsizliyi haqda açıqlamasında deyib: “Ox yaydan çıxdı, artıq onu geri qaytarmaq mümkün deyil”. Hakan Fidan əlavə edib ki, NATO ləğv olunarsa, Türkiyə Avropanın yeni təhlükəsizlik arxitekturasının bir hissəsi olmaq istəyərdi. “Hətta Prezident Tramp indi Avropanı tərk etməmək qərarına gəlsə belə, tamamilə mümkündür ki, gələcəkdə oxşar baxışlara və siyasi ideyalara malik olan kimsə ABŞ-ın Avropa təhlükəsizliyinə yardımını azaltmaq haqda düşünə bilər”, - deyə Fidan qeyd edib.
Xatırladaq ki, Tramp hələ 2016-cı ildə NATO-nu tənqid edərək demişdi: “Ya üzv ölkələr ödəmədiklərini ödəsinlər, ya da rədd olub getsinlər. Hətta bu NATO-nu məhv etsə belə”. Türkiyə uzun müddətdir ki, Ukraynadakı müharibənin tezliklə bitməsinin tərəfdarıdır. Ölkə hakimiyyəti imkan daxilində sülhün əldə olunmasına çalışır. Bundan başqa, Türkiyənin xarici işlər naziri Fidan fevralın 25-də ölkəsinin Ukraynanın NATO-ya daxil olmasına etirazının olmadığını deyib, lakin bu məsələyə real yanaşmağa çağırıb. Surxay Əliyev