CNN iki mənbəyə istinadən xəbər verir ki, Tramp administrasiyasının rəsmiləri “Ağ Evlə münasibətlərin sabitləşməsi üçün Ukrayna prezidenti Vladimir Zelenski və komandası ilə gizli danışıqlar aparıb.
Danışıqlarda iştirak edənlər arasında Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da olub. Tramp administrasiyasının rəsmiləri ukraynalıları ABŞ prezidenti Konqresdə çıxış etməzdən əvvəl nadir torpaqlar üzrə sazişlə bağlı danışıqları “mümkün qədər tez” bərpa etməyə çağırıb. “The Times” mənbələrinə istinadən yazır ki, Britaniyanın baş naziri Kir Starmer də Ukrayna prezidentini razı salmağa çalışıb. Ağ evdəki qalmaqallı görüşdən bir neçə gün sonra Tramp deyib ki, Ukrayna ilə nadir torpaqlar sazişi “ölməyib”, lakin Zelenski Amerikanın Ukraynaya verdiyi hər şeyə görə “daha çox minnətdar” olmalıdır. Martın 4-də isə Reuters dörd mənbəyə istinadən xəbər verib ki, ABŞ və Ukrayna sazişi imzalamağa hazırlaşır və Tramp bunu Moskva vaxtı ilə martın 5-nə keçən gecə Konqresdəki çıxışında elan etmək istəyir. Bununla belə, Tramp çıxışında sazişi imzalamağa hazır olduğunu qeyd etməyib və sadəcə Zelenskidən “vacib məktub” aldığını bildirib.
CBS News iddia edir ki, müqavilə hələ imzalanmağa hazır deyil və onun parametrləri dəyişə bilər, çünki Tramp indi “daha böyük, daha yaxşı müqavilə” gözləyir.
Surxay Əliyev