Reuters-in məlumatına görə, Tramp Konqresdəki çıxışı zamanı sazişin imzalandığını elan etmək istəyir. Belə ki,ABŞ prezidenti Donald Tramp administrasiyası və Ukrayna artıq mineral ehtiyatlar üzrə saziş imzalamağa hazırlaşır. Bu barədə “Reuters” dörd mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Tramp Konqresdəki çıxışı zamanı müqavilənin imzalandığını elan etmək istədiyini müşavirlərinə bildirib. Lakin mənbələr müqavilənin hələ imzalanmadığı və vəziyyətin dəyişə biləcəyi barədə xəbərdarlıq edib. Nəşr xatırladıb ki, sövdələşmə fevralın 28-də Oval kabinetdə Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında baş verən mübahisədən sonra dayandırılıb. Həmin görüşdə prezident Tramp və vitse-prezident Vens Zelenskiyə qarşı sərt fikirlər səsləndirərək ABŞ-a dəstəyinə görə təşəkkür etməli olduğunu tələb ediblər.
Bu arada ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı Brayan Fitspatrik Ukrayna ilə ABŞ arasında mineral ehtiyatlar haqqında sazişin yaxın vaxtlarda imzalanacağını bildirib.Sitat - "Mən Zelenskinin prezident administrasiyasının rəhbəri Andrey Yermakla təkbətək uzun və məhsuldar söhbət etdim. Biz bu qatarı 100% relslərə qaytarırıq. Bu mədən sazişi yaxın gələcəkdə imzalanacaq"-sitatın sonu. Konqresmen əmin edib ki, sazişin imzalanması Vaşinqton və Kiyev arasında uzunmüddətli iqtisadi tərəfdaşlığa səbəb olacaq ki, bu da sonda təhlükəsizlik sahəsində yardıma gətirib çıxaracaq. Surxay Əliyev