Tramp durub-dayanmır Ukraynaya təzyiq edir.Bu barədə BBC-nın əməkdaşı Svyatoslav Xomenko qələmə aldığı məqalədə Ukrayna ətrafında yaranmış son durumu dəyərləndirib:
ABŞ prezidenti Zelenskinin “sülhə sadiqliyini” nümayiş etdirənə qədər Ukraynaya hərbi yardımın dayandırılması barədə göstəriş verib. Qəribə vəziyyət yaranıb, Ukraynalılar Trampın yatarkən belə nə dediyini bilmək üçün xəbər lentlərini eşələyirlər. Çərşənbə axşamı Donald Trampın Amerikanın Ukraynaya bütün hərbi yardımları dayandırmasına göstəriş verməsi isə sözün əsil mənasında onları heyrətə gətirib. Ancaq ABŞ prezidentinin bu qərarının gözlənilməz olduğunu demək olmaz. Çünki hələ seçki kampaniyası zamanı Trampın “Ukrayna problemi”nin həllində ehtimal edilən yanaşması məhz belə təsvir edilmişdi: hərbi təchizatın dayandırılması və Kiyevi danışıqlar masasına gətirmək. Yəni nəzəri olaraq ukraynalılar buna hazır olmalı idilər. Amma onları təəccübləndirən o oldu ki, Trampın bu “sülhə məcburetmə” planı təkcə Ukrayna prezidentinə qarşı deyil, bütövlükdə Ukrayna xalqına qarşı açıq şantajla və sinizmlə həyata keçirillr. Axı, Amerikanın hərbi təchizatlarından danışsaq, Ukraynanın onlardan asılılığı yalnız bir neçə məqamda kritikdir. Əsası da hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlərdir. Bu isə o deməkdir ki, Ukrayna onun şəhərlərini, uşaq xəstəxanalarını, elektrik stansiyalarını, yaşayış binalarını vuran Rusiya raketlərindən qoruna bilməyəcək. Bu tədarükləri kəsməklə, Donald Tramp sadəcə inadkar Zelenskini “cəzalandırmaq”la kifayətlənmir, o, bütövlükdə Ukrayna xalqını cəzalandırmağı hədəfləyir. Amerikalılar deyirlər ki, Zelenskinin Ukraynanın Ağ Evlə münasibətlərindəki böhranı “geri qaytarmaq” imkanı var. Bəs buna nail olmaq üçün görəsən nə etmək lazımdır: kamera qarşısına keçib üzr istəmək, “Tramp planı” ilə razılaşmaq, yəni gələcəkdə müharibənin bərpa olunmayacağına dair heç bir təminat olmadan atəşkəs elan etmək və ya Vaşinqtonla xüsusi danışıqlar aparan şəxs təyin etmək,Ağ evə kostyumda gəlmək və gözüyumulu nadir torpaq metalları ilə bağlı uzunmüddətli sazişmi imzalamaq – aydın deyil. Nəhayət,görəsən Amerikanın Ukraynaya yardımın dayandırılmasıyla İlon Maskın Zelenskinin istefaya getməsi və Ukraynanı tərk etməsiylə bağlı son tvitləri arasında əlaqə varmı?
Surxay Əliyev